İqtisadiyyat

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə dörd ölkənin nazirlərinin ilk iclası keçirilib

Bakı. Trend:

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası
və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində
“Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə
dörd ölkənin nazirlərinin ilk iclası keçirilib.

Trend xəbər verir ki,
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın
iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo
Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter
Siyarto və Rumıniyanın energetika naziri Daniel Virgil Popeskunun
iştirakı ilə iclasda “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə
gələcək fəaliyyətin konsepsiyası müzakirə edilib. Tədbirdə Avropa
İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil
edib.

İclasda enerji təchizatı və tranzit marşrutlarının
şaxələndirilməsi üçün yaşıl enerji layihələrinin həyata
keçirilməsinin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Mövcud
bərpa olunan enerji potensialından istifadəni genişləndirmək və
yaşıl elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd
ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd
edilib.

Yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsindən irəli
gələn məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün
İşçi Qrupunun yaradılması razılaşdırılıb. Sonda iclasın yekunlarına
dair Protokol imzalanıb.

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci
ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən
Buxarestdə imzalanıb. İmzalanma mərasimində Rumıniya Prezidenti
Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon
der Lyayen iştirak ediblər.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button