SOCAR ilə “ACWA Power” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb (FOTO)

Bakı. Trend:
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti arasında 2 fevral 2023-cü il
tarixində Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş
fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin
onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair
Əməkdaşlıq haqqında Saziş imzalanıb.
SOCAR-dan Trend-ə bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər
elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji
mənbələrinin payının 30%-ə çatdırılması, həmçinin istixana qazı
emissiyalarının 2050-ci ilə qədər 40%-dək azaldılması hədəflənir.
Sözügədən Saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı
Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə
töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək
potensial layihələr Azərbaycanda istixana qazı emissiyalarının
azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı
iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının
nüfuzlu şirkəti olan “ACWA Power” hazırda Azərbaycanda 240 MVt
gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın
hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə,
təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə
atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan
yaradacağı nəzərdə tutulur.