Sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılması təklif edilir

Bakı. Trend:
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması
müddətinin daha bir il uzadılması təklif edilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsində sahibkarlıq sahəsində yoxlamaların
dayandırılmasının 2024-cü il yanvarın 1-dək uzadılması təklif
edilir.
Qeyd edək ki, bundan əvvəl sahibkarlıq sahəsində aparılan
yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı. Lakin bəzi
hallarda yoxlamaların aparılması istisna edilmir. Belə ki, vergi,
gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman
vasitələrinin və qida məhsullarının keyfiyyətinə və
təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət
nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz
sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz
qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətlə
bağlı yoxlamalar aparıla bilər.