İqtisadiyyat

Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faiz təşkil edib

Bakı. Trend:

2022-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və
göstərilmiş xidmətlərin həcmi 1,1 faiz azalaraq 86 milyard manat
təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, neft-qaz
sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri-neft-qaz
sektorunda isə 7,1 faiz artıb. Sənaye məhsulunun 75,4 faizi
mədənçıxarma, 20,6 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında
istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,1
faizdir.


Ümumi istehsalın 94,1 faizi sənaye məhsullarının istehsalı, 5,9
faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına
yaradılıb. 2022-ci ildə 2021-ci illə müqayisədə uzunmüddətli
istifadədə olan istehlak mallarının istehsalı 25,1 faiz, istehsal
vasitələrinin istehsalı 14,4 faiz, qısamüddətli istifadədə olan
malların istehsalı 6,8 faiz artıb, aralıq istehlak məhsullarının
istehsalı isə 2,1 faiz, enerji məhsullarının istehsalı isə 1,7 faiz
azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 1043,0
milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,8 faizi Bakı,
23,6 faizi Sumqayıt, 4,1 faizi Gəncə şəhərlərinin, 3,8 faizi
Şirvan, 0,1 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi
isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında
qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən
alınmış və satış üçün nəzərdə tutulmuş 71,9 milyon manat məbləğində
digər məhsullar da mövcud olub.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button