Sənaye zonalarında məhsul istehsalı artıb

Bakı. Trend:
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz
edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından
əlverişli mexanizmdir. Azərbaycanda fəaliyyət göstərən sənaye
zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul
istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə
yaxın hissəsi) ixrac olunub.
Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən
məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə sənaye zonalarının rezidentləri
tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata
keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür.
2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb.
“Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları
istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib”,
– məlumatda qeyd olunub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox
ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya,
İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac
edilib.