Ötən il uşaqların icbari dispanserizasiyası ilə bağlı göstəricilər açıqlanıb

2022-ci ilin fevral ayından başlayaraq TƏBİB-in tapşırığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində uşaqlara ambulator tibbi xidmət göstərən 55 tibb müəssisəsində tərtib olunan müayinə planına əsasən, həkim briqadaları təşkil olunub və xidməti ərazidə yerləşən təhsil müəssisələrində mütəşəkkil qrupa aid uşaqların icbari dispanser müayinələri aparılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ötən il müayinə olunmalı uşaqların sayı 802 291 nəfər olub (2021-ci ildə 797 360 nəfər). Onlardan 763 332-si müayinə olunub (2021-ci ildə 737 248), 48 109 uşaqda xəstəlik aşkarlanıb (2021-ci ildə 32 838 nəfər).
Dispanser qeydiyyatına alınan uşaqların sayı 7735 (2021-ci ildə 6424), hospitalizasiya olunan uşaqların sayı isə 469 nəfər (2021-ci ildə 369) təşkil edib. Həmçinin 9809 uşaq sağalıb (2021-ci ildə 10 404), 509 nəfər sanator müalicəyə göndərilib (2021-ci ildə 125 nəfər).
2021 və 2022-ci illərdə poliklinikalar 346 məktəbə, 292 bağçaya, 13 internat evinə və 6 uşaq evinə xidmət göstərib.
Qeyri-mütəşəkkil qrupa aid uşaqlar isə qeydiyyatda olduğu poliklinikalarda profilaktik tibbi müayinələrə cəlb olunmaqla il ərzində müayinə planına əsasən, icbari dispanserizasiya 95% icra olunub. Aşkarlanma göstəriciləri ötən illə müqayisədə 46%, dispanser əhatə 20% artıb.
Aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri – 25% (əsasən yaxındangörmə), həzm sistemi – 20% (əsasən stomotoloji), tənəffüs sistemi – 13.5% (əsasən LOR), sümük-əzələ sistemi – 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edir.
Uşaqların peyvənd təqvimi üzrə immunizasiya işinin yekun hesabatına əsasən 2021-ci ildə COVID-ə görə bu işə nəzarət zəif olub, 2022-ci ildə uşaqlar arasında poliomielit əleyhinə peyvənd ilə əhatə olunması – 85% (əksgöstəriş 5%), pnevmokok -77% (əksgöstəriş 4%), HİB -77% (əksgöstəriş 3%), QPM-71% (əksgöstəriş 5%) təşkil edib.
Cari ildə immunizasiya, xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəyə cəlb olunması məqsədilə sahə həkimlərinin patronaj işinin və valideynlər arasında sanitariya maarifi işinin aparılmasına nəzarətin gücləndirilməsi, profilaktik müayinələrin ambulator şəraitdə aparılması istiqamətində işlər davam etdiriləcək.
Qeyd olunub ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramının icrası gənc nəslin sağlam böyüməsinə yönəldilmiş dövlət qayğısıdır. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Xidmətlər Zərfində uşaqların profilaktik müayinələri ön sırada yer alıb.
2020 və 2021-ci illər ərzində COVID pandemiyasını nəzərə alaraq Qanundan irəli gələn vəzifələrin həlli məqsədilə uşaqların əyani müayinələri sahə həkimləri tərəfindən aparılan sorğularla əvəz olunub. Bu səbəbdən son 2 il ərzində xəstəlik aşkar olunması və dispanser müşahidə göstəriciləri aşağı olub.
Qeyd edək ki, Milli Məclisdə uşaqların icbari dispanserizasiyası məsələsi müzakirə olunub. Deputat Kamilə Əliyeva uşaqlar arasında hansısa xəstəliklərin gizli qaldığını, yoxlanışda ancaq sağlam olduqlarının yazıldığını iddia edib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, tək uşaqların yox, ölkədə bütün insanların dispanserizasiyası məsələsi çox vacibdir və uşaqların ölümü haqda yayılan xəbərlər göstərir ki, bu məsələyə səthi yanaşılır.