Ötən il qoruq və muzeyləri ziyarət edən xarici vətəndaşların sayı açıqlanıb

Bakı.Trend:
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqları
ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir.
Göstəricilərə əsasən, 2022-ci il ərzində DTA-nın tabeliyindəki
qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet
satışı olub.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat
verilib.
Bildirilib ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki
8 qoruqdan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu,
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq
Qoruğuna giriş ödənişlidir. Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq
Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam
muzeyə və “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.
“Adları qeyd olunan qoruq və muzeylərə 2022-ci ildə ümumilikdə
341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455
nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq
və muzeylərə ödənişsiz daxil olub. (Ödənişsiz giriş haqqı olan
ziyarətçilər qrupuna məktəblilər, əlil və müharibə veteranları,
qazilər, 12 yaşınadək xarici turistlər daxildir).
Ümumilikdə, 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər
üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu
məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət
büdcəsinə ödənilib.
Qeyd edək ki, 2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan
sonrakı illərdə qurumun tabeliyinə verilən qoruqlara gələn
turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2018-ci ildə
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun 25 min
ziyarətçisi olubsa, 2019-cu ildə bu rəqəm üç dəfədən çox artaraq 88
minə çatıb. Ötən ilin statistikasına görə Yanardağı 110 mindən çox
turist ziyarət edib.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 2018-ci ildə 77
mindən çox, 2019-cu ildə 147 minə yaxın, 2022-ci ildə isə 100 minə
yaxın ziyarətçisi olub. Yanardağ və Atəşgaha gələn turistlərin
əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet
aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə Yanardağ və
Atəşgaha gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat
ödəyiblər.
Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun biletlə
keçid olan obyektlərində 2018-ci ildə 42 min ziyarətçi olsa da,
2019-cu ildə bu rəqəm iki dəfədən də çox artmaqla 107 mini keçib.
Ötən il ərzində isə Şəkinin tarixi mərkəzini 141 mindən çox turist
ziyarət edib.
2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi
olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə
olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun
müddət bağlı olması səbəbindən ziyarətçi sayı azalaraq 57 min nəfər
olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min
manat təşkil edib. 2021-ci ildə turizmin bərpası ilə DTA
tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və bilet
satışından 400 min manata yaxın vəsait daxil olub.
Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş
qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat
təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında
dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11
manat, “Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin
hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir.
Yanardağ və Basqal qoruğunda 10 nəfər və daha çox turistdən ibarət
qruplara 10 faiz endirim tətbiq edilir.
Xatırladaq ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki
qoruqlara “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu,
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Xınalıq” Dövlət
Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət
Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu,
“Kiş” Tarix-Memarlıq Qoruğu, “Beşbarmaq dağı” Dövlət
Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət
Qoruğu və bu qoruğun tərkibindəki “Diri Baba” türbəsi daxildir”, –
məlumatda qeyd olunub.