Ötən il ölkədə 322 min tondan çox pambıq yığılıb

Bakı. Trend:
2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton
kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil
verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil
edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsindən Trend-ə bildirilib ki, başa çatmış
mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib.
2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə
də, tarlalardan 35259 ton çox məhsul yığılıb. Ümumi məhsuldarlıq
göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.
Məhsuldarlığın artmasında sahələrdə düzgün aqrotexniki qulluq
aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin
təşkili, yığım prosesinin 100 faizə yaxın müasir pambıqyığan
kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan
əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat,
düzgün toxum seçimi və digər amillər əsas rol oynayıb.
Məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor
yedəyi cəlb olunub ki, bu da pambığın 100 faizə yaxınını texnika
vasitəsilə yığmağa imkan verib.
Qeyd edək ki, dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin
pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına
əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil
verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni
qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan
170 manata qaldırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı
müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə
şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust
aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il
1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il
təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800
manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış
qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı
aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə
etməyə sövq edir.