Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür – Baş nazirin müavini (MÜSAHİBƏ)

Bakı. Trend:
Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet
mənbələrdən biri hesab edir.
Bu barədə Trend-ə
özəl müsahibəsində Moldova Respublikasının Baş nazirinin müavini,
infrastruktur və regional inkişaf naziri Andrey Spınu deyib.
“Moldova ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir. Bu,
kiçik rəqəmdir, lakin Moldova əhalisini (2,5 milyon nəfər) nəzərə
alsaq, bu, əhəmiyyətlidir. Hətta belə kiçik həcmdə qaz sərfiyyatı
olsa belə, biz diversifikasiya qaydalarını tətbiq etməli və onlara
əməl etməliyik. Ona görə də Moldovanın planı üç, hətta dörd
müxtəlif təchizatçı ilə uzunmüddətli əlaqələr qurmaqdır. 2021-ci
ildən başlayaraq tədarük problemlərinə səbəb olan son onilliklərdə
olduğu kimi, biz artıq bir təchizatçıdan tamamilə asılı ola
bilmərik. Ona görə də biz gələcək idxal strukturumuzu
planlaşdırarkən hər bir ayrı-ayrı tədarükçüdən qaza olan
tələbatımızın təxminən 30-40 faizini ödəməyi hədəfləyirik. Onlardan
biri də təbii ki, Azərbaycan olacaq”, – deyə baş nazirin müavini
bildirib.
Azərbaycan qazına çıxış üçün infrastruktur
A.Spınu qeyd edib ki, artıq infrastruktur mövcuddur və onun
işləmə qaydaları müəyyən edilib.
“Xüsusi vurğulamaq istərdim ki, məhz Moldovanın dövlət şirkəti
“ENERGOCOM” SC tarixdə ilk dəfə olaraq Trans-Balkan qaz kəmərinin
əks istiqamətdə – cənubdan şimala istismarına nail olub. 2022-ci
ilin bütün dekabr ayı ərzində “ENERGOCOM”un Rumıniyadakı filialı
Trans-Adriatik Boru Kəmərinin Virtual Ticarət Məntəqəsində təxminən
130 milyon kubmetr təbii qaz alıb, bu həcmləri
Yunanıstan-Bolqarıstan interkonnektoru, Bolqarıstan qaz şəbəkəsi
vasitəsilə Trans-Balkan qaz kəməri və daha şimaldan Rumıniya qaz
şəbəkəsi vasitəsilə Moldovaya və hətta Ukraynanın qaz anbarlarına
qədər göndərib”, – deyə o bildirib.
Nazir qeyd edib ki, məhz Moldova şirkəti tarixdə ilk dəfə sübut
edib ki, qazın Cənub-Şərqi Avropadan Şərqi Balkanlar vasitəsilə
şimala – Moldovaya, Ukraynaya və hətta Mərkəzi Avropaya nəqli
nəinki mümkün, həm də sərfəlidir və həyata keçirilə biləndi:
“Bu, həm də sübut edir ki, Şərqi Balkanlarda qaz şəbəkəsi
sistemi artıq Azərbaycandan qaz almağa hazırdır. Qazın həcmi Trans
Adriatik Boru Kəmərinə çatdıqdan sonra onlar şimala nəql edilə
bilər. Marşrut hazırdır və Azərbaycan qazı üçün də açıqdır”.
Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət
Şurasının iclası barədə danışaraq o qeyd edib ki, Moldova
Hökumətinin nümayəndə heyəti görüşdə layihədə iştirak edən
ölkələrlə uzunmüddətli tərəfdaşlığın təşviqinə yönəlib:
“2022-ci ildə enerji bazarında müşahidə olunan və hazırda
müşahidə olunan çətin vəziyyət Avropada hamımızı enerji təchizatı
marşrutlarının və mənbələrinin şaxələndirilməsinin nə qədər vacib
olduğunu dərk etməyə məcbur edir. Uzun illərdir ki, Avropa iki,
bəzən üç, karbohidrogenlə zəngin ölkədən enerji təchizatına
arxalanıb. Amma keçən il vəziyyətin hələ də kifayət qədər
təhlükəsiz olmadığını göstərdi. Ötən il Avropa enerji bazarının nə
qədər həssas olduğunu göstərdi. Avropa öz tapşırıqlarını yerinə
yetirməli və digər böyük enerji oyunçuları ilə əməkdaşlığı
genişləndirməlidir. Ən yaxın mənbələr Xəzər və Qara dəniz regionu
ölkələridir ki, bu ölkələr uzun illər lazımınca
qiymətləndirilməyib. İndi bazar çox sürətlə dəyişir. Ona görə də,
fikrimizcə, nəinki etibarlı tərəfdaş, həm də enerji bazarında
sabitliyin bərpasına töhfə verə bilən Azərbaycan və ya Türkiyə kimi
ölkələrlə nəhayət, uzunmüddətli tərəfdaşlıq qurmaq üçün daha çox
səy göstərməliyik. Yalnız ölkələr arasında tərəfdaşlıq
iqtisadiyyatlarımızın inkişafı üçün sabit və təhlükəsiz şərait
yarada bilər”.
Andrey Spınu qeyd edib ki, Cənub Qaz Dəhlizinin rolu Avropa,
xüsusən də qitənin cənub və cənub-şərq hissələri üçün həlledici
əhəmiyyətə malikdir:
“2022-ci ildən sonra biz hamımız yaxşı bilirik ki, Avropa
bazarına tədarükün başqa istiqamətinə ehtiyac var. Maye qaz, Norveç
və Şimali Afrika istiqaməti ilə yanaşı, cənub-şərqdən gələn
karbohidrogenlərin başqa bir axını olmalıdır. Məhz buna görə də
böyük potensiala malik Azərbaycan və karbohidrogenlərin boru
kəmərləri, eləcə də gəmilərlə (neft və LNG nəqli üçün) daşınmasında
əsas rolu olan Türkiyə Avropa üçün mühüm yeni enerji tərəfdaşlarına
çevrilməlidir”.
Bərpa olunan enerji sahəsində əməkdaşlıq
O xatırladıb ki, 2022-ci il dekabrın 17-də Azərbaycan
Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri
arasında Yaşıl Enerjinin inkişafı və nəqli üzrə Strateji
Tərəfdaşlıq haqqında Saziş imzalanıb ki, bu da təxminən 1000 MVt
elektrik enerjisi nəql etmək üçün sualtı kabelin (Qara dəniz
vasitəsilə) tikintisi layihəsinin həyata keçirilməsini nəzərdə
tutur.
“Beləliklə, Moldova Respublikası bərpa olunan enerji
mənbələrindən istehsal olunan elektrik enerjisinin alınması üçün
uzunmüddətli müqavilələrin bağlanmasını asanlaşdırmaq üçün bu
layihənin həyata keçirilməsindən sonra mövcud olacaq nəqliyyat
imkanlarına çıxış əldə etmək üçün müzakirələrə başlamaq imkanına
malikdir. Bu, mənbələrin şaxələndirilməsi və ölkənin enerji
təchizatının təhlükəsizliyinin yaxşılaşdırılması üçün lazımdır.
Moldovanın enerji sektorunda yerli istehsalı artırmaq, elektrik
enerjisi mənbələrini şaxələndirmək və istixana qazı emissiyalarını
azaltmaq üçün nəqliyyat sisteminin sabitliyinə və çevikliyinə töhfə
vermək üçün yeni bərpa olunan enerji layihələrinə əlavə investisiya
lazımdır. Bu, xarici investorlar, o cümlədən Azərbaycandan olan
özəl investorlar üçün daha geniş imkanlar yaradır”, – deyə Andrey
Spınu əlavə edib.
Bu kontekstdə o qeyd edib ki, Moldova hökumətinin 401/2021
nömrəli qərarı ilə ölkə artıq 410 MVt yeni bərpa olunan elektrik
enerji gücünün tikintisini dəstəkləməyi öhdəsinə götürüb:
“Moldova Respublikası hökuməti mümkün qədər tez hərraclar təşkil
etməklə bərpa olunan enerjiyə sərmayənin stimullaşdırılması üçün
səy göstərəcək”.
Twitter: @Lyaman_Zeyn