İqtisadiyyat

Mərkəzi Bank sığorta növlərinə onlayn çıxış ücün şərait yaradacaq

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsinin
inkişafına yönəlmiş miqyaslı və ardıcıl tədbirlərini davam
etdirir.

Mərkəzi Bankdan Trend-ə
verilən məlumata görə, aparılan islahatlar, xüsusilə də
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası” (avto-icbari) sahəsində görülən tənzimləmə tədbirləri
sığorta sahəsinə ictimai inamın artması, sığorta xidmətlərinin
keyfiyyətinin yüksəlməsi üçün geniş imkanlar yaratmaqdadır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanuna,
eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana edilən son
dəyişikliklər, habelə avto-icbari sığorta növü üzrə sığorta
şəhadətnamələrinin şirkətlərin rəsmi internet səhifələri üzərindən
təqdim olunması imkanının yaradılması icbari sığorta növlərinin tam
olaraq rəqəmsallaşmasına və onların əldə edilməsinin
asanlaşdırılmasına şərait yaradacaqdır.

Azərbaycanda avto-icbari sığorta sinfi üzrə qanunvericiliyinin
davamlı inkişafı və tətbiqi 2015-ci ildən etibarən yerli sığorta
sektorunun beynəlxalq yaşıl kart sisteminə inteqrasiya olunmasına
imkan vermişdir. Sığorta sektorunun bu sahədə nümunəvi beynəlxalq
reputasiyası formalaşmış, onun beynəlxalq yaşıl kart sistemindən
faydalanması üçün yeni imkanları yaranmışdır.

Ötən dövr ərzində Azərbaycan və Türkiyə Respublikasının Yaşıl
Kart sığorta sistemlərinin inteqrasiyası həyata keçirilmişdir.
Bununla da ölkəmizdə qeydiyyatda olan avtomobillər Türkiyə
Respublikasına, həmçinin Türkiyə Respublikasında qeydiyyatda
avto-nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən Yaşıl
Kartın etibarlılığının elektron qaydada müəyyən edilməsi imkanı
yaradılmışdır. Bu inteqrasiya dünya ölkələri üzrə ilk və nümunəvi
təcrübə olmaqla yanaşı, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə
sərhədlərin keçilməsinin qarşısını almışdır.


Beynəlxalq Yaşıl Kart üzrə Bürolar Şurasının 56-cı
Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını
həyata keçirən İcbari Sığorta Bürosunun (Büro) fəaliyyəti yüksək
qiymətləndirilmiş, beləliklə 10 illik keçici hüquqlu üzvlük müddəti
tamamlanmadan, 5 il müddəti bitdikdən sonra Büro tam hüquqlu üzv
statusu əldə etmişdir.

Tam hüquqlu üzv olmağın yaratdığı imkanlardan biri də Yaşıl Kart
sisteminə qoşulmamış ölkələrdə Azərbaycan Sığortaçılarının Yaşıl
Kartlarının sığortalılara təqdim edilməsidir.

1 yanvar 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan
Respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə
müraciət edən şəxslərə Azərbaycan Yaşıl Kartlarının təqdim edilməsi
prosesi başlanılmışdır. Beləliklə, yerli sığorta sektorunun
beynəlxalq müstəvidə təmsil olunması imkanları daha da genişlənmiş,
sektor digər ölkələrə sığorta xidmətlərini ixrac etməyə
başlamışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsində
islahat tədbirlərini davam etdirməklə yanaşı əldə edilən
nəticələrin ictimaiyyətə kommunikasiyasını davam etdirəcəkdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button