KOBİA yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”ndə olublar (FOTO)

Bakı. Trend:
Sıralarında 15 vətəndaş cəmiyyəti institutunu və biznes
assosiasiyanı birləşdirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) yanında İctimai Şuranın üzvləri “Bakı KOB evi”nin
fəaliyyəti ilə tanış olublar.
Agentlikdən Trend-ə verilən
məlumata görə, KOB evinin fəaliyyəti ilə tanışlıq zamanı İctimai
Şura üzvlərinə məlumat verilib ki, burada sahibkarlara 50-yə yaxın
dövlət və özəl qurum təəfindən 250-dən çox xidmət göstərilir. KOB
evində sahibkarlara “G2B” və “B2B” xidmətlər göstərilməklə yanaşı,
Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları
fəaliyyət göstərir. Dövlət qurumları və özəl şirkətlər tərəfindən
sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes
subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verir.
KOBİA yanında İctimai Şurada təmsil olunan biznes
assosiasiyaların rəhbərləri “Bakı KOB evi” barədə assosiasiya
üzvlərinin məlumatlandırılacağını, KOB evinin xidmətlərindən fəal
istifadə edəcəklərini qeyd ediblər.
Sonra KOBİA yanında İctimai Şuranın üzvləri üçün KOBİA-nın
yerlərdə sahibkarlara dəstək və xidmət göstərən KOB dostu
şəbəkəsinin fəaliyyətinə və 2022-ci ildəki fəaliyyətinə dair
təqdimat keçirilib.