İqtisadiyyat

“Kibergigiyena layihəsi”nə Naxçıvanın dövlət qurumları da qoşulub

Bakı. Trend:

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və ya
yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik
üzrə maarifləndirmə tədbirlərini davam etdirir.

Dövlət Xidmətindən Trend-ə
verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə
qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyində
biliklərin artırılması və möhkəm kiber immuna sahib olmaqdır.
Layihə çərçivəsində Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 34
əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin
kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə
yanaşmaları və hazırlıqları müəyyən edilib.

Məlumat üçün bildirək ki, kibergigiyena internetdən təhlükəsiz
istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli
sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza
biliklərinin artırılmasını özündə ehtiva edir. Bura həm mövcud risk
sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma
üsulları aiddir.

Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək,
onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz
istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və
bu bilikləri şəxsi gigiyenik qaydalar kimi bir vərdiş halına
çevirməkdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button