“İş dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilb (FOTO)

Bakı. Trend:
“İş dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgisində
Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın
genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi,
investisiya qoyuluşunun təşviqi kimi məsələlər müzakirə edilib,
yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunub.
Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
məlumat verilib.
İstanbul şəhərində “İş dünyası – 100 ilin zirvəsi” biznes
forum-sərgi keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil
Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB
Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD
Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100
illiyinə həsr olunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri
arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə
mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması
ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya
imkanlarının təqdim edilməsidir.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın
sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və
Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt,
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –
AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə
ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə və Azərbaycan İş
Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn
Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə
Heyətinin sədri Cemal Yanqın, “MÜSİAD Azərbaycan”ın sədri Rəşad
Cabirli və “PWN İstanbul” təşkilatının nümayəndəsi Aylin Olsun
Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq
perspektivləri, potensial investisiya imkanları barədə çıxış
ediblər.
Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə
tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat,
xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel
istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən
Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş
olunub. Sərgi iyulun 14-dək davam edəcək.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam
edib.