IFC və Azərbaycan Fintex Assosiasiyası tərəfdaş olaraq maliyyə inklyuzivliyini artırmaq əzmindədirlər

Bakı. Trend:
Azərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə
edərək səmərəli maliyyə xidmətləri göstərməyə kömək etmək niyyəti
ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex
Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, tərəflər fintex şirkətlərinin böyümələrinə
və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər
göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin
gücləndirilməsi istiqamətində çalışacaqlar.
Memoranduma uyğun olaraq, IFC-nin “İnteqrasiyalı Maliyyə və
Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün
qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların
artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində
vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin
maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən
kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə
kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan
ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə
inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.
“Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri
azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi
yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini
genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə
vaxt və resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Ölkənin
iqtisadi artım trayektoriyasına istinadla, IFC ilə tərəfdaşlığımız
Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex
şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcəkdir,” –
Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan
Talıbov qeyd etdi.
Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı,
inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı
sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin
maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər.
Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn,
bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və
səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat
xərclərini azaldır.
“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi
artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və
müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex
Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən
və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək
məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex
şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını
müasirləşdirməyə kömək edəcəkdir,” – IFC-nin Avropa üzrə regional
direktoru Rana Karadşeh bildirdi.
Son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə
infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər
üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi
bir sıra tənzimləyici islahatları həyata keçirmişdir. IFC-nin
dəstəyi ilə qəbul olunmuş “Açıq bankçılıq yol xəritəsi”, maliyyə
sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes
müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini
genişləndirmək yolunda mühüm addımdır.