İcma üzvü: “Qərbi Azərbaycana qayıdış tarixi missiyamızdır”

“Qərbi Azərbaycana qayıdış tarixi missiyamızdır”.
Bunu “Qaynarxett”a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Ramin Məmmədov deyib.
O bildirib ki, Azərbaycanın sürətlə artan iqtisadi imkanları, İkinci Qarabağ müharibəsində özünü təsdiq etmiş hərbi qüdrəti Cənubi Qafqazla bağlı proseslərdə təsir imkanlarının əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub:
“Müharibənin nəticələri regionda təhlükəsizlik formatını dəyişməklə yanaşı, Azərbaycanın hədəflərinin də yenilənməsini şərtləndirən əsas amillərdən biri kimi qavranılır. Prezident İlham Əliyev bu ilin əvvəlində kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə belə bir fikir söyləmişdi: “Bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik”. Bu iki cümlə, əslində, Azərbaycan dövlətinin müasir dövrdə həyata keçirdiyi siyasətin ən fundamental prinsiplərindən biri kimi çıxış edir. İqtisadiyyat, sosial müdafiə, siyasət, beynəlxalq münasibətlər, müdafiə və digər sahələrdə qarşıda duran vəzifələrin uğurlu həllinin əsas düsturu məhz bu iki cümlənin ifadə etdiyi dövlətçilik fəlsəfəsinə əsaslanır. Diqqəti çəkən daha bir vacib məqam da bundan ibarətdir ki, Prezident bu fikirləri Qərbi Azərbaycanla bağlı suala cavabında vurğulamışdı”.
Deputat deyib ki, yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb zaman çərçivəsində Zəngəzur dəhlizinin qaçılmaz reallıq olduğu daha aydın görünür:
“Avropanın enerji təhlükəsizliyi, yeni və etibarlı nəqliyyat kommunikasiyalarının meydana çıxmasını şərtləndirən geosiyasi və geoiqtisadi amillər, Cənubi Qafqazın dəyişən təhlükəsizlik konfiqurasiyası, Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlar, Türkiyənin artan təsir imkanları və sadalaya biləcəyimiz onlarla digər fakt Azərbaycan Prezidentinin yürütdüyü siyasətin miqyasını, əhəmiyyətini təsəvvür etmək üçün çox tutarlı arqumentlər tapmağa imkan verir. Məhz bu mənada, Qərbi Azərbaycana qayıdış ideyasının real görünməsi yalnız onun Azərbaycan xalqı umun mənəvi-ideoloji mənası, tarixi-siyasi məzmunu ilə ölçülmür, həm də müasir dünyanın sürətlə dəyişən geosiyasi mənzərəsinin yaratdığı yeni şərtlərə əsaslanır. Prezident İlham Əliyevin siyasəti bu yeni şərtlərdə ölkənin qarşısında duran strateji hədəfləri müvəffəqiyyətlə həyata keçirmək üçün heç vaxt olmadığı qədər aydın bir yol xəritəsi verir. Bu siyasət Azərbaycanı böyük güclərin Cənubi Qafqazı əhatə edən geosiyasi mübarizəsində əsas oyunçulardan birinə çevirə bilib. Halbuki, bizim ən azı iki yaxın qonşumuz bu mübarizənin qurbanı olmamaq üçün yollar axtarışəndadır.
Beləliklə, biz Qərbi Azərbaycana qayıdış ideyasını yalnız tarixi-siyasi kontekstdən deyil, həm də müasir dünyamızda baş verən proseslərin formalaşdırdığı, daha dəqiq desək, diktə etdiyi perspektiv geosiyasət prizmasından qiymətləndirməliyik. Əlbəttə ki, Qərbi Azərbaycana qayıdış ilk növbədə bizim üçün tarixi, ideoloji və mənəvi əhəmiyyət daşıyan ümummilli hədəfdir. Lakin hamımıza aydındır ki, ümummilli hədəflərə nail olmaq üçün yalnız ideya və tarixi yaddaş kifayət etmir, mövcud təhdidləri, təhlükələri, eyni zamanda, fürsətləri düzgün dəyərləndirən strateji düşüncə daha həlledici rola malikdir”.
R.Məmmədovun sözlərinə görə, bütün bu amilləri nəzərdən keçirərkən Qərbi Azərbaycana qayıdış ideyasının dörd əsas parametrə istinad etdiyini vurğulamaq mümkündür:
“Bu siyahıda genetik yaddaşa dayanan hədəf; bu hədəfə nail olmaq üçün inam yaradan real güc; bu gücü geosiyasi amil çevirən Azərbaycan dövləti; Azərbaycanı indiki mürəkkəb şərtlərdə güclü, etibarlı beynəlxalq oyunçu kimi qəbul etdirməyə nail olan lider var.
Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi ilə Azərbaycan qarşısında duran tarixi-ideoloji məqsədə nail olmaqla yanaşı, həm də geostrateji bir vəzifəni həll etmiş olacaq. Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdış prosesinin bəlkə də ən həlledici mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirməklə yanaşı, Naxçıvana birabaşa çıxış imkanı yaratmağı nəzərdə tutur. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edən Azərbaycan yeni dəhlizin açılması ilə öz tarixi, eyni zamanda, geosiyasi missiyalarından birini tamamlamış olacaq, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Qərbi Azərbaycana qayıdış isə Azərbaycan xalqının qarşısında duran tarixi missiyalardan biri, yuxarıda da qeyd etdiyimiz kimi, ümummilli strateji hədəfdir. Azərbaycan bu hədəfə doğru addım-addım irəliləyir. Prezidentin təbirincə desək, biz reallaşması mümkün olmayan hədəflər seçmirik. Bu hədəfə çatmaq üçün qətiyyətimiz, inamımız, güclü dövlətimiz və dövlətimizi bu güclü nöqtəyə gətirən liderimiz var”.