İqtisadiyyat

Dövlətə bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilib

Bakı. Trend:

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri hüquqi və
fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın
və qeyri-maddi aktivlərin də dövlət orqanlarına və qurumlarına,
habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş ictimai
və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq
verildiyi zaman güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, məcəllədə
edilmiş dəyişikliyə əsasən, bu hallar mənfəət və gəlir vergisi,
həmçinin ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat
sayılmayacaq, eyni zamanda bu əmlaklara görə ödənilmiş ƏDV məbləği
əvəzləşdiriləcəkdir.

Məlum olduğu kimi, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş
Vergi Məcəlləsində dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər
tərəfindən daşınmaz əmlak, habelə əmlak kompleksi şəklində
müəssisələr dövlət orqanlarına və qurumlarına əvəzsiz olaraq
verildikdə vergitutma məqsədləri üçün gəlir və ya zərər nəzərə
alınmır və belə əməliyyatlara görə ƏDV hesablanmır.
Nəzərə alınmalıdır ki, hüquqi və fiziki şəxslər daşınmaz əmlakla
yanaşı, özlərinə məxsus daşınar əmlakları və qeyri-maddi aktivləri
də sosial korporativ məsuliyyət çərçivəsində dövlət orqanlarına və
qurumlarına bağışlayırlar. Eyni zamanda, bu cür əmlaklar dövlət
orqanları ilə yanaşı, ictimai və sosial məqsədlər üçün yaradılmış
fondlara da bağışlana bilər.
Lakin sözügedən əməliyyatların vergidən azad olunması
qanunvericilikdə nəzərdə tutulmadığı üçün belə əməliyyatlar zamanı
gəlir əldə edilməsə də, bağışlanmanı həyata keçirən şəxslərin vergi
öhdəliyi yaranırdı. Cari ildən qüvvəyə minmiş dəyişikliklərlə bu
cür əməliyyatlar üzrə vergi yükünün yaranmaması üçün hüquqi və
fiziki şəxslər tərəfindən daşınar əmlakların və qeyri-maddi
aktivlərin dövlətə, eyni zamanda siyahısı ölkə başçısı tərəfindən
təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara
bağışlanması vergiyə cəlb olunmayacaq. Eyni zamanda, Vergi
Məcəlləsinə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb
edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər və
xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
Belə olduğu təqdirdə, vergi ödəyiciləri tərəfindən dövlət
orqanlarına və qurumlarına, o cümlədən ictimai və sosial məqsədlər
üçün yaradılmış fondlara əvəzsiz olaraq verilən daşınar və daşınmaz
əmlak, habelə qeyri-maddi aktivlər üçün ƏDV ödənilib
əvəzləşdirilmişdirsə, həmin ƏDV yenidən bərpa edilməklə büdcəyə
ödənilməlidir ki, bu da əmlakı bağışlayan şəxslər üçün əlavə vergi
yükü yaradır. Bu baxımdan, Vergi Məcəlləsində dəyişiklik edilməklə
qeyd olunan əməliyyatlar zamanı əmlakı bağışlayan şəxslərə həmin
əmlak üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi imkanı
verilir.
Əlavə olaraq qeyd edək ki, dəyişiklik ictimai və sosial məqsədlər
üçün yaradılmış fondlara münasibətdə 2022-ci il yanvarın 1-dən
tətbiq olunur.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button