Cəmiyyət
Daşkəsəndə 20 sm-ə qədər qar yağıb

Martın 30-u gecə saatlarından başlayaraq Daşkəsən rayonuna artıq iki gündür, güclü qar yağır, şaxtalı qeyri-sabit hava şəraiti davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Rayonda kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir.