İqtisadiyyat

“Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur?

Bakı. Trend:

“Blockchain”. Bu texnoloji yenilik müasir rəqəmsal dünya üçün nə
qədər mühüm, nəhəng və tanınmış olsa da, Azərbaycanda onun adını
belə çoxumuz bilmirik. Təbii ki, bunun da obyektiv və subyektiv
səbəbləri var. Bu səbəblərə keçməzdən əvvəl, gəlin, “blockchain”in
nə olduğuna qısa nəzər salaq;

“Blockchain” texnologiyası rəqəmsal pul və digər rəqəmsal
tətbiqlərlə həyatımıza daxil olub. Bu texnologiya ilə hər cür
fəaliyyəti izləmək və alış-veriş etmək mümkündür.

“Blockchain” nədir? Bu texnologiya necə
işləyir?

Bloklardan ibarət zəncirvari quruluşa malik olan “blockchain”
hər bir blokda bərabər paylanmış data bazası sistemidir. Misal
üçün, pul köçürmələrində hər addım blok yaradır. Göndərənin adı və
göndərilən məbləğ kimi məlumatların hər biri bir blokdur. Köçürmə
prosesi zamanı yaradılan bu bloklar şifrələnir və heç vaxt
dəyişdirilə və ya sındırıla bilməz.

Bu bloklar bütün şəbəkədə hər kəsə paylanır və hər kəs eyni
şifrələnmiş məlumata malik olur. Blokçeynin mərkəzsizləşdirmə
prinsipi bu texnologiyaya əsaslanır. Blokdakı məlumatlar yalnız
onlarda göstərilən alıcı və satıcı tərəfindən istifadə oluna bilər.
Bununla belə, “blockchain” texnologiyası şəffafdır, istəyən hər kəs
bu günə qədər yığılmış blokları nəzərdən keçirə bilər.

Bu texnologiya fərdi istifadəçilərə rəqəmsal kimliklərinə
nəzarət imkanı verir. Buna görə də blokçeyn təkcə
kriptovalyutaların istehsalında deyil, həm də saxlama, idarəetmə
kimi bir çox fərqli sahələrdə istifadə olunur. Belə ki, çox güvənli
olması baxımından blokçeyn təkcə maliyyə sektoru ilə məhdudlaşmır,
ayrı-ayrı biznes sahələri tərəfindən də istifadə edilir. Bu mənada,
blokçeyn texnologiyasının dördüncü sənaye inqilabının mərkəzində
olduğu iddia edilir.

Məhz bu səbəblərdən hazırda inkişaf etmiş bir sıra dövlətlərdə
blokçeyn texnologiyası ilə fərqli sektorların bir-birinə
inteqrasiyası təmin edilir.

Bəs, bu sahədə Azərbaycanda vəziyyət
necədir?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda bu
texnologiya hələlik yalnız Mərkəzi Bank tərəfindən tətbiq edilib.
Məhz Mərkəzi Bankın “mainer”liyi, yəni bu texnologiyanın əsas
yaradıcısı ilə bu gün ölkəmizdəki bütün banklar bərabər şəkildə
eyni məlumatlara çıxış əldə edə bilirlər. Misal olaraq, vətəndaş
kredit almaq üçün hər hansı bir banka yaxınlaşdıqda bank o
vətəndaşın müraciəti və razılığı əsasında onun kredit tarixçəsi
barədə bütün məlumatları avtomatik olaraq əldə edir. Bütün bunlar
blokçeyn sistemi sayəsində həyata keçirilir.

Məslənin aktuallığını və bu texnologiyanın gələcəkdə yarada
biləcəyi inqilabi dəyişikliyi nəzərə alaraq, “Blockchain”
texnologiyası üzrə mütəxəssis Sənan Həsənovla həmsöhbət olduq.

  • Hazırda “Blockchain” texnologiyası Azərbaycanda hansı
    sahələrdə tətbiq olunur?
  • Sistemin tətbiqi, saxlanması üçün sərf olunan maliyyə,
    eləcə də bu texnoloji sistemin üstünlükləri,
  • Bu texnologiyanın ölkəmizdə zəif tətbiq olunmasının
    səbəbi,
  • “Blockhain”i ölkəmizdə yaxın gələcəkdə hansı sahələrdə
    tətbiq etmək mümkündür. Perspektiv nədir?

Bu suallar ətrafında danışan S.Həsənov bildirdi ki, hazırda
“blockchain” texnologiyası istər dünyada, istərsə də Azərbaycanda
yeni olduğuna görə çox da geniş tətbiq sahələri yoxdur. Daha çox
mövcud qlobal “blockchain” texnologiyası üzərindən hər hansı
tokenlərin (nişan) buraxılışı və o tokenlərin fərdi biznes
sahəsində tətbiqi müşahidə olunur: “Amma Azərbaycanda da bir sıra
qurumlar var ki, bu sahədə işlər aparır, müəyyən tətbiq
istiqamətlərini araşdırırlar. Düşünürəm ki, önümüzdəki 5-10 il
ərzində konkret sahələr üzrə “blockchain” texnologiyasının
tətbiqinin şahidi olacağıq”.

“Blockchain” texnologiyasının üstünlüklərindən danışan S.Həsənov
qeyd etdi ki, bunlardan ən vacibi onun mərkəzsiz bir texnologiya
olmasıdır.

“Mövcud resurslardan mərkəzsiz istifadə imkanı verdiyinə görə,
təbii ki, bu, qənaətli bir texnologiyadır. Müqayisə olaraq baxsaq,
misal üçün, “Uber” taksi xidmətini nəzərdən keçirsək, görürük ki,
bu şirkət dünyanın ən böyük taksi şirkətlərindən biri olmasına
baxmayaraq, bir ədəd belə avtomobilə sahib deyil. Sadəcə, şirkət
insanların öz avtomobilləri ilə taksi fəaliyyəti göstərməsi üçün
belə bir sistem formalaşdırıb. “Blockchain” texnologiyası da eyni
məntiq üzərindən çalışır, sadəcə olaraq, hələlik maliyyə
istiqamətində. Bildiyiniz kimi, dünya ölkələrində mərkəzi banklar
var, bu banklar pul sistemini tənzimləyir. Bunun üçün, təbii ki,
çox ciddi mərkəzi dövlət resursları sərf olunur – insanlar çalışır,
serverlər alınır, böyük miqdarda vəsait sərf olunur ki, bu proses
tənzimlənsin. Halbuki, “blockchain” texnologiyasında bu, insanlar
tərəfindən həyata keçirilir. Yəni “blockchain” üzərindən olan
əməliyyatların təsdiqi bir-birindən asılı olmayan, dünyanın
müxtəlif yerlərində yerləşən kompüterlər vasitəsilə həyata
keçirilir. Bunlar “blockchain” texnologiyasında nodlar adlanır.
Əməliyyatlar nodlar tərəfindən təsdiqlənir və proses tamamlanmış
olur. Beləliklə, bu prosesdə mərkəzi bankın və ya hər hansı bir
bankın iştirakına ehtiyac qalmır”, – deyə mütəxəssis vurğuladı.

Azərbaycanda rəqəmsal manat yaradılır

“Blockchain” texnologiyasının ölkəmizdə zəif tətbiq olunmasına
gəlincə, ekspert bunu texnologiyanın özünün yeni olması ilə
əlaqələndirdi: “Bu texnologiya barədə məlumatlılıq nisbətən azdır.
Hansı formada, necə tətbiq oluna bilər və s. ilə bağlı, düşünürəm
ki, istər dövlət, istərsə də özəl sektorda suallar var.
Məlumatlılıq aşağı səviyyədə olduğuna görə tətbiq istiqamətləri də
zəifdir”.

Həyatımızı asanlaşdırır, işgörmə tərzimizi
dəyişir

S.Həsənov əlavə etdi ki, əslində, bu texnologiyanın tətbiq
istiqamətləri yetərincə genişdir. Belə ki, ilk olaraq, bu sistemi
maliyyə sektorunda geniş tətbiq etmək olar. Kağız, yaxud elektron
pulların bir yerdən başqa yerə köçürülməsi prosesini bu texnologiya
vasitəsilə daha sürətli həyata keçirmək mümkündür. Bütün proses
onlayn olduğuna görə, üstəlik də kriptoqrafik bir kodlama mexanizmi
olduğu üçün bu sistem daha təhlükəsizdir. Ona görə bu
texnologiyanı, ilk növbədə, maliyyə sektorunda çox rahatlıqla
tətbiq etmək olar.

Eyni zamanda, “blockchain” avtomatlaşdırma təmin etdiyi və
öhdəliklərin, vəsaitlərin, maraqların bir yerdən başqa yerə
köçürülməsi prosesini sürətləndirdiyi üçün burada fərqli tətbiq
istiqamətləri də formalaşır. Misal üçün, əmlak hüquqlarının bir
şəxsdən başqa şəxsə köçürülməsi, eləcə də notarius sistemini
“blockchain” texnologiyası tamamilə avtomatlaşdırır. Həmçinin,
“blockchain” bizneslər üçün, xüsusilə, orta və kiçik biznes
sahibləri üçün böyük imkanlar yarada bilər. Mərkəzi bir
“blockchain” sistemi olarsa, sahibkarların qeydiyyatı, onların
vəsait ehtiyaclarının qarşılanması, investisiyaların cəlbi və sair
ilə bağlı sahibkarlar tokenlər buraxa bilərlər. Əslində, bu
texnologiya dövlət orqanlarının yükünü azaldan, prosesləri
avtomatlaşdıran bir mexanizmdir.

Beləliklə, blokçeynin gətirdiyi imkanları ümumi olaraq belə
xarakterizə edə bilərik: həyatımızı asanlaşdırır, maliyyə, səhiyyə,
elm və sənaye kimi müxtəlif sektorlarda və sahələrdə işgörmə
tərzimizi dəyişir.

Elgün Mənsimov,
Trend
@Elgun_Mensimov

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button