İqtisadiyyat

“Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları məlum oldu (FOTO)

Bakı. Trend:

2022-ci ildə start verilmiş “Biznesdə qadınların gücü”
layihəsində iştirak edəcək qadın sahibkarların seçimi başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank”
ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol” MMC-nin
tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 134
müraciət daxil olub. Layihənin Münsiflər Heyəti tərəfindən Bakı
şəhəri və ölkə regionlarında fəaliyyət göstərən 23 qadın sahibkar
seçilib. Onlar kənd təsərrüfatı, emal, qida, yüngül, yaradıcı və
digər sahələrdə fəaliyyət göstərirlər.

Yanvarın 30-da “Bakı KOB evi”ndə “Biznesdə qadınların gücü”
layihəsinin təqdimatı keçirilib. Layihənin təşkilatçıları və
tərəfdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov, “Rabitəbank” ASC-nin İdarə
Heyətinin sədri Aydın Hüseynov və Azərbaycanda Qadın
Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva
layihənin əhəmiyyəti və layihə çərçivəsində həyata keçiriləcək
tədbirlər barədə məlumat veriblər.

Qeyd edilib ki, “Biznesdə qadınların gücü” layihəsinin məqsədi
qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına
dəstək göstərmək, onların işgüzar fəallığının artırılması,
maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait
yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif
mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri
təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən
yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci
yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).


Tədbirdən sonra “Biznesdə qadınların gücü” layihəsinin
iştirakçıları üçün ilk təlimlərə başlanılıb. Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri
tərəfindən qadın sahibkarlara kommunikasiya, liderlik,
mübahisələrin idarə olunması və s. mövzularda məlumat verilib,
onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Azərbaycanda
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə
Babayeva tərəfindən mentorluq təlimi keçirilib.

Layihə iştirakçıları sahibkarlara dövlət və özəl qurumların
xidmətlərinin vahid məkanda təqdim olunduğu “Bakı KOB evi”nin
fəaliyyəti ilə də tanış olublar.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button