İqtisadiyyat

Bakı-Supsa boru kəməri ilə tədarük istənilən vaxt yenidən başladıla bilər – bp

Bakı. Trend:

Bakı-Supsa boru kəməri istənilən vaxt neft nəqlini yenidən
başlada bilər.

Trend xəbər verir ki, bu barədə bp şirkətinin Yaxın Şərq və
Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

“Biz hazırda boru kəmərindən istifadə etmirik və bütün ixrac
Bakı-Tbilisi-Ceyhan vasitəsilə həyata keçirilir. Bakı-Supsa boru
kəmərinin açılması yükgöndərənlərin Supsada tanker yüklənməsi üçün
müraciətlərindən asılıdır. Əgər bizə müraciətlər daxil olsa, biz
dərhal tədarükə başlaya bilərik, çünki Bakı-Supsa şəbəkəyə qoşulub.
Boru kəmərləri soyuq oyulmaya məruz qaldıqda işin bərpası təqribən
3 ay çəkə bilər”, – o deyib.

Xatırladaq ki, boru kəməri ilə neft nəqli 2022-ci ilin mart
ayında dayandırılmış və 1-17 aprel tarixlərində görülmüş
təmir-sazlama işlərindən sonra yenidən davam etdirilmişdi. Daha
sonra Bakı-Supsa boru kəməri ilə neft nəqli yenə dayandırıldı.
Bakı-Supsa boru kəməri ilə neft nəqli dayandırıldığından bütün
Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac
olunur.

2021-ci ilin yekunlarına əsasən, Bakı-Supsa boru kəməri ilə 4,2
milyon ton neft nəql olunub. İxrac olunan bütün neft
“Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqları blokunun payına düşüb.

Bakı-Supsa (Western Route Export Pipeline) kəməri ilə Xəzər
regionundan neft Bakı yaxınlığındakı Sanqaçal terminalından Qara
dəniz sahilində yerləşən Supsa gürcü limanına qədər nəql olunurdu.
Neft kəmərinin rəsmi açılışı 1999-cu il aprelin 17-də Supsa neft
terminalında baş tutub.

Boru kəmərinin uzunluğu 837 kilometr təşkil edir. Ötürücülük
qabiliyyəri ildə yeddi milyon tondan artıqdır (günlük 145 min
barel). Boru kəmərinin operatoru bp şirkətidir. Neft nəqlinin yekun
məntəqəsi Qara dənizin Gürcüstandakı Supsa limanıdır. Neft daha
sonra tankerlərlə Avropadakı istehlakçılara göndərilir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button