İqtisadiyyat

Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark
Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan Trend-ə bildirilib ki, görüşdə ölkəmizdə KOB-ların
maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə
potensial və birgə layihələrin həyata keçirilməsi imkanları
nəzərdən keçirilib. Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən
yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış
sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər
görülür. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin
rəhbəri, səfir Peter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə
idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.

Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə –
“Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin
ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb.


Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını
artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və
“Az-Lead”ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000
tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə
avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş
qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır.
Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq
təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial
və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.

Qeyd edək ki, “Az-Lead” 2014-cü ildə yaradılıb və Sumqayıt
şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş
qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə
ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun
külçələri istehsal edir. “Az-Lead” təmizlənməmiş qurğuşunun ən
böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin
yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları
ixrac edir. “Az-Lead” 2022-ci ilin dekabrında “Təmiz ətraf mühit və
yaşıl artım” nominasiyası üzrə KOBİA-nın təsis etdiyi “Dayaq”
mükafatına layiq görülüb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button