Azərbaycanda dollar ucuzlaşacaq?

Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankın təşkil etdiyi son 2 valyuta
hərraclarında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib.
Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda
maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi
yaranmayıb.
Mövzunu Trend-ə
şərh edən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə,
dollara tələbin azalmasının bir neçə əsas səbəbləri var.
“Əvvəla, mövsümi olaraq dollara tələbin azalması müşahidə
olunur. Bu daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin
ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır.
Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar
olub. Bu idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara
əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici
valyutaya tələbi müəyyənləşdirir.
Digər tərəfdən, əhalinin də dollara tələbi azalmaqdadır. Burada
iki mühüm məqam var. Birincisi, dollar alışına limitlər
qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi,
manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi
azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq
depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon
manatı isə xarici valyutada saxlanılır”, – deyə o qeyd edib.
Deputat vurğulayıb ki, manatın məzənnəsinin dəyişməsinə gəldikdə
isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil,
mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir.
“Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün
manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa
təsir edə bilir. Bu baxımdan, mövcud məzənnə siyasəti manatın
kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı
volatilliyi nəzərə alsaq kursda istənilən dəyişikliyin orta və uzun
müddətli dövrdə əsk təsirləri ola bilər. İndiki halda, Mərkəzi Bank
üçün hədəf mövcud kursu qorumaq daha prioritet olaraq qalmaqdadır”,
– deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə
birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci
ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə
birtərəfli satışı formasında keçirilir.
Manatın ortaçəkili məzənnəsi 1,7 AZN/1 USD təşkil edir.