Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Bakı. Trend:
Vergi borcu olanlar da hesab aça biləcəklər.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də
bankda hesab aça biləcəklər.
“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla
qoyulan məhdudiyyət aradan qaldırıldı.
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb.
Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.
Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu
olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən
onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi
daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş
qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik
çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm
də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu
dəyişiklik mütərəqqi addımdır”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və
biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi
daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə
dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 %
artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində
qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8
milyard 134,9 milyon manat olub.