Azərbaycanda bu avtomobillərdən dövlət rüsumu tutulacaq

Bakı. Trend:
Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin
ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə
icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulacaq.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər
müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat
vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun
olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına,
həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə
müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin
verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin
müraciətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq baxılır.