Azərbaycanda bəzi rüsumlar ləğv edilir

Bakı. Trend:
Azərbaycanda beynəlxalq avtomobil daşımalarını yerinə yetirən
nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə
dövlət rüsumunun ləğv edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün
keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə
çıxarılıb.
Bununla yanaşı, gömrük orqanlarının beynəlxalq avtomobil
daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə
blanklarının verilməsi vəzifəsinin ləğv olunması təklif edilir.
Qeyd edək ki, hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına
aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici
dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış
və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda 100
ABŞ dolları, yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin
avtobusları üçün 50 ABŞ dolları təşkil edir.
Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası
ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil
daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları
təşkil edir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.