İqtisadiyyat

Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Bakı. Trend:

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi
əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri,
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə
Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici
işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü
olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Babayev
Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu,
iki ölkənin dövlət başçılarının qəbul etdiyi “Azərbaycan
Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamə”nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsinə imkan verdiyini qeyd edib.

Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyəti qeyd
olunub, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə
aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka
maraq göstərmələrindən məmnunluq ifadə edilib.

P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri, strateji
tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf etdiyini,
qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcəyinə
əminliyini bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi
müzakirə olunub. İqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə,
enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da
genişləndirilməsinə, ikitərəfli və tranzit yük axınının həcminin
artırılmasına, kənd təsərrüfatı, təhsil, informasiya
texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir
mübadiləsi aparılıb.

İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi
sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu
bildirilib. Ticarət və investisiya, qeyri-neft mallarının ixracı
məsələləri, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və
qarşılıqlı investisiya qoyuluşlarının həcminin artırılması
imkanları müzakirə olunub. Azərbaycan və macar iş adamları arasında
ikitərəfli işgüzar əlaqələrin, hər iki ölkədə təşkil olunan biznes
forumların davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi
əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən və ötən ilin
fevralında Bakıda keçirilən 8-ci iclasının yekunlarından,
Komissiyanın növbəti iclasına hazırlıq işlərindən bəhs olunub.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button