Azərbaycan və Çexiya arasında enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır – Nazir müavini (Müsahibə)

Bakı. Trend:
Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlər COVID-19
pandemiyası səbəbindən zəiflədikdən sonra ötən il yenidən canlandı
və əməkdaşlıq bir çox istiqamətdə yeni səviyyəyə keçdi.
Bu barədə Trend-ə eksklüziv müsahibəsində Çex Respublikasının
xarici işlər nazirinin müavini Yaroslav Kurfürst deyib.
“İkitərəfli münasibətlərimizin əsas prioritetlərindən birini
ticari-iqtisadi əməkdaşlıq təşkil edir. Koronavirus pandemiyasının
əhəmiyyətli dərəcədə təsir etdiyi 2022-ci il üzrə əmtəə
dövriyyəsinə dair statistika illik hesablamada tədricən dirçəliş və
nəzərəçarpan artımdan xəbər verir. Çexiyanın statistika idarəsinin
məlumatlarına əsasən 2022-ci ilin yanvar-noyabr ayları ərzində
Azərbaycanla əmtəə dövriyyəsi 116 faiz artıb ki, bu da kifayət
qədər yaxşı göstəricidir”, – o deyib.
Nazir müavininin sözlərinə görə, 2022-ci ilin ikinci yarısından
etibarən Çexiya şirkətlərinin tədricən Azərbaycan bazarına qayıdışı
müşahidə olunur, həmçinin işgüzar fəallığın canlanmasına Praqa və
Bakı arasında birbaşa aviareysin yenidən başlaması da təsir
göstərib.
Y.Kurfürst hazırda Çexiyanın Azərbaycanda nəqliyyat
kommunikasiyaları və energetika sektorunda iştirakını
genişləndirmək imkanlarını araşdırdığını vurğulayıb.
“Ötən onillik ərzində Çexiyanın Azərbaycandakı əsas investisiya
layihələri nəqliyyat infrastrukturu sahəsində olub. Flaqman
layihəmiz olan Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan hissəsinin
bərpası 2019-cu ildə başda “Moravia Steel” olmaqla bizim şirkətlər
qrupumuz tərəfindən tamamlandı. Biz tamamilə yeni dövrə qədəm
qoyduğumuzdan, Azərbaycanda kommunikasiya və enerji sahəsində yeni
investisiya imkanlarına ümid edirik”, – o deyib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan və Çex Respublikası
arasında enerji sahəsində əməkdaşlıq uzunmüddətli əhəmiyyət
daşıyır.
“2018-ci ildə Şamaxı rayonunun Qaravəlli kəndində məktəbdə çex
şirkətləri tərəfindən tamamlanmış pilot layihə enerji resurslarının
səmərəli istifadəsi barədə maarifləndirmənin artırılmasına
yönəlmişdi. Biz bu sahələrdə ikitərəfli əməkdaşlığı mühüm hesab
edirik, ona görə də bununla bağlı 2021-ci ilin sentyabrında xarici
işlər nazirimizin Bakıya səfəri zamanı Azərbaycan və Çex
Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair Saziş
imzalandı”, – nazir müavini bildirib.
Y.Kurfürst əlavə edib ki, sazişin reallaşdırılması enerji
daşıyıcılarının tədarüklərinin diversifikasiyası sahəsində
ikitərəfli əməkdaşlığa, həmçinin enerji səmərəliliyinə və bərpa
olunan enerji mənbələrinə yönəlmiş layihələrə çex şirkətlərinin
cəlb olunmasına şərait yarada bilər.
O həmçinin Çexiyanın müvafiq Azərbaycan institutları ilə
iqtisadi və ticari əməkdaşlığa imkan verən tədbirlər barədə
danışıqlar apardığını qeyd edib.
“Bu il xüsusidir, belə ki yanvarın 27-si biz ölkələrimiz
arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd
edirik. Azərbaycanla bir çox digər sahələrdə də əməkdaşlığın daha
da möhkəmləndirilməsi üçün bu imkandan uğurla istifadə
edəcəyimizdən əminik. Biz parlamentlərimiz arasında əlaqələrin
inkişafını müsbət qarşılayır və ali səviyyədə siyasi dialoqun daha
da möhkəmləndirilməsinə diqqət yetiririk”, – o deyib.
Nazir müavininin sözlərinə görə, 2023-cü ildə planlaşdırılmış
ilk tədbir iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə
Komissiyanın mart ayının əvvəllərində keçiriləcək 5-ci iclası və
Praqada keçiriləcək biznes-forumdur.
“Bu hadisə şübhəsiz iki ölkə arasında müxtəlif sahələrdə
müzakirələrə təkan verəcək”, – nazir müavini qeyd edib.
Kurfürst çexiyalı iş adamlarının Azərbaycan bazarında yeni
imkanların öyrənilməsində maraqlı olduqlarını qeyd edib.
“Aramızdakı iqtisadi və enerji sahəsindəki əməkdaşlıq dərin
ənənələrə malikdir və biz onu daha da inkişaf etdirəcəyimizə
inanırıq. Çex şirkətləri azərbaycanlı həmkarları ilə işgüzar
əməkdaşlıqda çox maraqlıdır, bu səbəbdən il ərzində hökumətimiz çex
sahibkarlarına Azərbaycan bazarında köməklik göstərilməsi üzrə bir
neçə layihəni dəstəkləyəcək. Həmçinin, 19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi və 16-cı Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı Sərgisi üçün çex stendinin hazırlanması da qeyd
edilməlidir. Bu gün bəzi layihələr ilkin müzakirə mərhələsindədir.
Biz hesab edirik ki, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
üzrə Birgə komissiyanın gözlənilən beşinci iclası və Praqa
şəhərində keçiriləcək biznes forumu əməkdaşlığa daha da təkan
verəcək”, – nazir müavini yekun olaraq bildirib.