Azərbaycan və AYİB arasında əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
tərəfdaşlığın hazırki vəziyyətini, birgə layihələrin
reallaşdırılmasını və perspektiv əməkdaşlıq istiqamətlərini
müzakirə ediblər.
Trend-in bu gün Azərbaycanın İqtisadiyyat
Nazirliyinə istinadən məlumatına görə, müzakirə İqtisadiyyat
Nazirinin müavini Sahib Məmmədovun AYİB-in siyasət və tərəfdaşlıq
üzrə vitse-prezidenti Mark Boumanla görüşü zamanı baş tutub.
Görüş zamanı nazir müavini Azərbaycanın bankla əlaqələrin
inkişafına böyük önəm verdiyini, AYİB-in etibarlı tərəfdaş olduğunu
və ölkənin iqtisadiyyatının inkişafına uzunmüddətli və davamlı
dəstək göstərdiyini vurğuladı.
Bundan başqa, Azərbaycan iqtisadiyyatının diversifikasiyası,
neft sektorunun inkişafı, investisiyaların stimullaşdırılması və
biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərə dair
məlumat verildi.
AYİB-in siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman
isə öz növbəsində bankın Azərbaycanla əməkdaşlığının səmərəli
olduğunu və ölkədə aparılan iqtisadi islahatları dəstəklədiyini
bildirib.
Bundan əvvəl AYİB-in vitse-prezidenti Mark Bouman və Şərqi
Avropa və Qafqazda siyasət və tərəfdaşlıq məsələləri üzrə icraçı
direktoru Matteo Patronenin Azərbaycana səfər edəcəyi deyilmişdi.
AYİB rəsmilərinin səfəri 2023-cü ilin 16-19 yanvar tarixlərinə
planlaşdırılmışdı.
Xatırladaq ki, 2022-ci il dekabrın birində AYİB layihələrinin
Azərbaycandakı kredit portfeli 33 layihənin reallaşdırılması üzrə
836 milyon avro olaraq dəyərləndirilib. Portfelin böyük hissəsi (89
faizi, yaxud 748 milyon avro) davamlı infrastruktura
investisiyalara, yeddi faizi və ya 58 milyon avro sənaye, ticarət
və aqrar sektora, dörd faizi və ya 30 milyon avro isə maliyyə
institutlarına investisiyalara yönəlib.
Bank Azərbaycana bütünlükdə 185 layihə üzrə 3 656 milyard
avrodan artıq investisiya qoyub.