Gündəm

Azərbaycan Ombudsmanı Ermənistanın müharibə və ekoloji cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara növbəti dəfə müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib.

“Qaynarxett” xəbər verir ki, müraciətdə deyilir:

“Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilmişdir. Bunun acı nəticəsi olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.

Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insanlar olmuşdur. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş, daha sonra onların nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılmışdır.

Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən Ermənistana, eləcə də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilsə də, bu gün də Ermənistan tərəfi əsassız bəhanələrlə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən yayınır, əsir və girov götürülmüş azərbaycanlıları müxtəlif ağır işğəncələrə məruz qoymaqla qətlə yetirərək qeyri-insani şəraitdə basdırdıqları kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqları kütləvi və kobud şəkildə pozulmuşdur.

Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını heçə sayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistan tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf rayonlarda həyat üçün zəruri olan əksər sosial-iqtisadi infrastruktur obyektləri, yaşayış və qeyri-yaşayış obyektləri yerlə-yeksan edilmiş, hətta tarixi-mədəni və dini abidələr, o cümlədən qəbiristanlıqlar tamamilə dağıdılmışdır.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunmuşdur.

Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir.

Bütövlükdə götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərindən hələ də əl çəkməyən Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda davam edir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button