İqtisadiyyat

AYİB Azərbaycan şirkətinə 4,2 milyon dollar məbləğində kredit ayırıb

Bakı. Trend:

Az-Lead-in akkumulyatorların təkrar emalı və
saflaşdırılması qabiliyyətini artırmaq üçün 4,2 milyon ABŞ dolları
məbləğində kredit ayrılır

  • Aparıcı ikinci dərəcəli qurğuşun istehsalçısı və
    ixracatçısı olan “Az-Lead”ə 4,2 milyon dollara qədər kredit
    ayrılır
  • Investisiya təkrar emal və saflaşdırma qabiliyyətini
    artırmaq və qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq məqsədi
    daşıyır
  • Layihə Aİ tərəfindən Dairəvi İqtisadiyyat Gündəliyinə
    uyğun olaraq dəstəklənir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı
Azərbaycanda dairəvi iqtisadiyyatın inkişafına öz töhfəsini verir.
Bank qurğuşun turşusu akkumulyatorlarının təkrar email ilə məşğul
olan “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kredit
ayırır.

Trend xəbər verir ki, şirkət, istifadə müddəti bitmiş qurğuşun
turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci
dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri
istehsal edir. Əməliyyat Avropa Dayanıqlı İnkişaf Fondu (ADİF)
zəmanəti ilə dəstəklənəcək.

İnvestisiya şirkətin təkrar emal və saflaşdırma imkanlarını
artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və
“Az-Lead”ə aylıq istehsalını 500-dən 800-ə və nəhayət, 1000 tondan
çox artırmağa imkan verəcəkdir. Bu, şirkətə avtomobil və bərpa
olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna potensial
artan tələbatı ödəməyə imkan verəcəkdir.

Maliyyələşdirmə ilə yanaşı, Bank, həmçinin kiçik və orta
müəssisələr (KOB) üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq
hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə (ƏMSİ)
yolunda şirkətə dəstək verəcəkdir.

Bu investisiya layihəsi Şərq Tərəfdaşlığı regionunda Aİ-nin
İqtisadi və İnvestisiya Planının (İİP) həyata keçirilməsinə töhfə
verir. İPP-nin Azərbaycan üçün əsas prioritetlərindən biri yerli
müəssisələri dəstəkləyərkən ölkə iqtisadiyyatının şaxələndirilməsi
və yaşıllaşdırılmasına kömək etməkdir.

ADİF, Aİ-nin qonşuluğunda bələdiyyə infrastrukturu, nəqliyyat və
logistika, sənaye, eləcə də tikinti sektorlarında layihələr üçün
mövcud olan risklərin azaldılması alətidir. ADİF zəmanətinin iki
strateji prioriteti var: Covid-19 pandemiyasından mənfi təsirlənən
borcalanlara dəstək olmaq, həmçinin yaşıl iqtisadiyyata keçidi
dəstəkləyən layihələr üçün maliyyə axınını sürətləndirmək.

AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark
Bowman
qeyd edib: “Biz Azərbaycanda ilk dairəvi iqtisadiyyat
layihəmizi dəstəkləməkdən məmnunuq. “Az-Lead” tullantı kimi
atılması nəzərdə tutulan akkumulyatorları təkrar emal edir. Bizim
dəstəyimizlə şirkət ətraf mühiti qoruyarkən Azərbaycan ixracını
artıracaq təkrar emal və saflaşdırma potensialını gücləndirməyi
hədəfləyir. Biz Aİ-nin Dairəvi İqtisadiyyat Fəaliyyət Planına tam
uyğun olan bu layihəni dəstəkləməkdən məmnunuq”.

Avropa Komissiyasında Aİ-nin Şərq Qonşuluğu və İnstitusional
Quruluş üzrə Direktoru Lourens Meredit əlavə edib ki, “Biz
Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və
İnvestisiya Planımıza uyğun olan AYİB-in bu investisiyasını tam
dəstəkləyirik. Aİ zəmanətinin dəstəyi sayəsində biz ölkədə yaşıl
keçidə öz töhfəmizi veririk və yeni məşğulluq imkanları
yaradırıq”.

“Az-Lead” 2014-cü ildə yaradılıb və Sumqayıt Sənaye Zonasında
yerləşir. Şirkət təmizlənməmiş qurğuşunun ən böyük ikinci
istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə
istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsullarını
beynəlxalq miqyasda ixrac edir.

AYİB Azərbaycanda bu günə qədər maliyyə, korporativ,
infrastruktur və enerji sektorlarında əksəriyyəti özəl müəssisələr
olmaqla 185 layihəyə 3,6 milyard dollardan çox sərmayə yatırmış
aparıcı institusional investordur.

Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatını
şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək
etməkdən ibarətdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button