ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar – Arun Venkataraman

Bakı. Trend:
ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində
maraqlıdırlar.
Trend xəbər verir ki, bu barədə bu gün ABŞ ticarət nazirinin
qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin
baş direktoru Arun Venkataraman Bakıda keçirilən Azərbaycan-ABŞ
Yaşıl Enerji Forumunda deyib.
Onun sözlərinə görə, ABŞ hökuməti və şirkətləri Azərbaycanın bu
gün müxtəlif regionlara enerji resurslarının nəqli üçün qovşaq rolu
oynadığını bilirlər.
“Bundan başqa, özəl sektorda, xüsusən nəqliyyat sektorunda
əməkdaşlığı nəzərdən keçiririk. Prezident Bayden dünyada, o
cümlədən ABŞ-da gedən dekarbonizasiya proseslərini müsbət
qarşılayır. Mən də öz növbəmdə Azərbaycanın da bu istiqamətdə
çalışdığından məmnunam, bu, bizim ölkəyə olan etimadımızı daha da
yüksəldir”, – o deyib.
Venkataraman ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməkdə
maraqlı olduğunu deyib.
“Yeni dayanıqlı bazarların yaradılmasını müsbət qarşılayırıq və
Azərbaycanın enerji qovşağına və təmiz enerji bazarına
çevriləcəyindən əminik. ABŞ və Avropadan olan investorlar ölkənin
sabit iqtisadiyyatını və potensialını nəzərə alaraq öz
investisiyalarını yatırırlar və biz bu əməkdaşlığı genişləndirməyə
hazırıq”, – o deyib.
ABŞ ticarət nazirinin köməkçisi həmçinin ABŞ şirkətlərinin
Azərbaycanla konsultasiyalar və təlimlərin keçirilməsi sahəsində
əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.
“ABŞ iqtisadiyyatın, sənayenin və istehsalatın demək olar ki,
bütün sahələrində böyük potensiala malik bir ölkədir və biz öz
təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”, – o əlavə edib.
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu
keçirilir.
Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin
köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət
Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın
energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak
edirlər.
Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq
əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə
mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər
müzakirə olunur.