ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə şərait yaradacaq – Ticarət nazirinin köməkçisi

Bakı. Trend:
ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə
şərait yaradacaq.
Trend xəbər verir ki, bu barədə ABŞ ticarət nazirinin qlobal
bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş
direktoru Arun Venkataraman aprelin 3-də Bakıda keçirilən
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.
O, ABŞ şirkətlərinin Azərbaycanda yaşıl enerji layihələrində
iştirakla bağlı marağını qeyd edib.
Azərbaycanın yerləşdiyi regionun vacibliyini vurğulayan
Venkataraman ölkənin dekarbonizasiyası üzrə səylərə dəstəyini ifadə
edib. O həmçinin ABŞ-nin bu məsələdə tərəfdaş ölkələrə, o cümlədən
Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Bakı forumu ABŞ şirkətlərinə Azərbaycanın
yaşıl enerji sahəsində malik olduğu potensialla tanış olmaq imkanı
təklif edir.
A.Venkataraman son olaraq ABŞ-Azərbaycan əməkdaşlığının nou-hau
biliklərinin tətbiqinə və iş yerlərinin açılmasına şərait
yaradacağını deyib.
Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl
enerji” forumu keçirilir.
Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin
köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət
Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın
energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak
edirlər.
Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq
əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə
mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər
müzakirə olunur.